Latviyanın Gulbene şəhərində “Divi Juliji” adlı IV Beynəlxalq İncəsənət Festivalı keçirilir. Festival bu şəhərdə anadan olmuş tanınmış iki rəssam – Yulius Straume və Yulius Madernieksin xatirəsinə həsr olunur.

Milli Xalça Muzeyindən Elitinfo.az-a bildirilib ki, iyulun 30-da festival çərçivəsində Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyində IV Beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Azərbaycan xalça mədəniyyəti: Ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Ş.Məlikova tədbir iştirakçılarına qədim xalça sənəti, Azərbaycan Milli Xalça Muzeyinin tarixi və onun yaradıcısı, görkəmli alim Lətif Kərimov, vaxtilə Qafqaz Kustar Komitəsinin rəhbəri olmuş, latviyalı Yulius Straumenin Qafqazdakı fəaliyyəti haqqında müfəssəl məlumat verib. Direktor ölkəmizdə xalçaçılıq sənətinin əsas inkişaf istiqamətləri, o cümlədən, müasir rəssamların yaradıcılığında ənənələrin yaşadılması prosesini xüsusi olaraq vurğulayıb. Bu kontekstdə də Azərbaycan Milli Xalça Muzeyinin həm ölkəmizdə, həm də xaricdə keçirtdiyi layihələr ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını, son dövrdə ənənələrin yeni interpritasiyada təqdim edilməsini müasir rəssamlar Faiq Əhməd, Çingiz Babayev (CHINGIZ) və digərlərin əsərlərində müşahidə edildiyini söyləyib.

Ş.Məlikovanın qeyd etdiyi Azərbaycan xalçaçılıq sənətinin günümüzdə davamlı olaraq yeni yanaşmalarla daha da zənginləşməsinin bariz nümunəsi olan ən son layihələr – Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xalça eskizi müsabiqəsi və Kazan şəhərində təşkil olunmuş “Xalça sənəti – mənaların təkamülü” sərgisi haqqında təqdimatı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Çıxışdan sonra Şirin Məlikova iştirakçıların xalçaların hansı məqsədlə və hara üçün toxunduğu, onların ornametlərinin semantikası, qədim xalçatoxuma texnologiyalarının dirçəldilməsi, Azərbaycanda xalçaçılıq sənətinin dövlət tərəfindən dəstəklənməsi haqqında çoxsaylı suallarını cavablandırıb. Ş.Məlikova bu sahədə ölkəmizdə təhsil ocaqlarında gənc kadrların hazırlanması, xalça sənətində toxucu və rəssam qadınların mühüm rolundan söhbət açıb.

Konfransda həmçinin Latviya, Türkiyə, Danimarka, İrandan olan mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçıları arasında müzakirələr aparılıb.

Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyinə Azərbaycan Milli Xalça Muzeyinin nəşrləri təqdim olunub, konfrans iştirakçılarına isə muzeyin promo-materialları – açıqcaları, broşürləri paylanılıb.

Bu gün başa çatacaq festivalda sərgilər, xalçatoxuma, boyaqçılıq, xəttatlıq və dekorativ-tətbiqi sənətin digər sahələri üzrə ustad dərslər də keçirilir.