“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Türkiyədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovla görüşüb.

Elitinfo.az xəbər verir ki, TÜRKSOY-un Baş Katibliyində keçirilən görüşdə Emil Nəsirli Düsen Kaseinovun “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü seçildiyini bildirib və qərarla bağlı Fəxri üzvlük sertifikatını Kaseinova təqdim edib.

Görüşdə E.Nəsirli Baş katib D.Kaseinovu Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevin fərmanı ilə “Fövqəladə və Səlahiyyətli səfir” adına layiq görülməsi münasibətilə təbrik edib və onun bu istiqamətdə mühüm işlər gördüyünü, eləcə də türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən fəaliyyətinin yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüş zamanı D.Kaseinov “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində işıqlandırılan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və Fəxri üzv adına layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib.

Düsen Kaseinov TÜRKSOY-un qurucu üzvlərindən biri olan Azərbaycanın bu istiqamətdə fəal rol oynadığını və Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin hər zaman TÜRKSOY-un fəaliyyətini yüksək səviyyədə dəstəklədiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və ədəbiyyat insanları ilə bağlı bir çox tədbirlər həyata keçirən TÜRKSOY Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən dahi şairin 880 illiyinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgiləri açılıb, eləcə də bu il 100 illik yubileyi tamam olan görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.

“Nizami bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir”, – deyə D.Kaseinov bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı TÜRKSOY-un nüfuzlu əsərlərindən biri olan “Türk Dünyasının Mədəni Paytaxtı” layihəsi olan işğaldan azad edilmiş Azərbaycanın Şuşa şəhərinin Türk Dünyasının 2022-ci il Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı təklifini ürəkdən dəstəklədiklərini vurğulayan Baş katib bu istiqamətdə müvafiq qurumlar tərəfindən hazırlıq işlərinin aparıldığını deyib. Əlavə edib ki, TÜRKSOY olaraq işğaldan azad edilmiş Azərbaycan torpaqlarında mədəni inkişafı təmin etmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdırlar.

Müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının da müzakirə olunduğu görüş zamanı fəaliyyətlərin əlaqələndirilməsinə və geniş auditoriyaya çatdırılmasına töhfə verməklə bağlı geniş fikir mübadiləsi aparılıb.