Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” müsabiqəsinə başlayır. Komitə Qarabağda Sarıxanlı, Horadiz, Böyük Mərcanlı, Zar, Şəlvə kəndlərinin və Xudafərin qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştiraka dəvət edir.

Elitinfo.az xəbər verir ki, bu barədə iyulun 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev komitənin bu aktual məsələyə həsr etdiyi iclasda deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, ərazi-planlaşdırma sənədlərinin hazırlanması dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdəndir. Ötən müddət ərzində ümumi planın hazırlanması çərçivəsində şəhərlərin, bir çox qəsəbələrin sərhədləri dəqiqləşdirilib, müvafiq ərazi-planlaşdırma sənədlərinin işlənməsinə başlanılıb.

Komitə sədri, həmçinin vurğulayıb ki, ümumi mükafat fondu 60 min manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 15-dək qeydiyyatdan keçməli, layihələr isə iyulun 31-dək komitəyə tam tərkibdə təqdim olunmalıdır.