Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyanın təqdimat mərasimi keçirilib.

Elitinfo.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansı (BMT SA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət nazirinin Aparat rəhbəri Vasif Eyvazzadə qlobal kampaniyanı təqdim edib.

A.Kərimov bildirib ki, bu kampaniyanın keçirilməsi tarixi hadisədir: “Bizə BMT-nin Sivilizasiyalar Alyansı (BMT SA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos dəstəkdir. O, dünən Füzuli və Ağdam rayonlarına səfər etdi və gördüklərindən şok keçirdiyini bildirdi”.

Nazir deyib ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması və dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir: “Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur”.