Prezident İlham Əliyev akademik V.İ.Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:“2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olur.

Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanda biologiya elminin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətini nəzərə alaraq akademik Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.