Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar elanlar verilir və paralel olaraq bu cür qanunsuz tədbirlərin keçirilməsi faktları aşkarlanır.
Agentlik bir daha bəyan edir ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla əlaqədar qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcək.