Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 12 mlrd 387,4 mln kubmetr qaz nəql edilib.

Elitinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 10,8% artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 48,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 5 mlrd 963,4 mln kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 50,2% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.