Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Həmin faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanılaraq Respublika Baş Prokurorluğuna təqdim olunub.
Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki, sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.
Yoxlamaların nəticələri ilə əlaqədar ictimaiyyətə ətraflı məlumat veriləcək.