Milli qanunvericiliyin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən, Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasından ötrü ekstradisiya olunması barədə sorğular edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Rusiya Federasiyasının vətəndaşı Əsgərov Eldar İsmayıl oğlunun 2016-cı il oktyabrın 1-dən 2017-ci il dekabrın 13-dək olan dövrdə Novosibirsk şəhərində külli miqdarda aksiz markası ilə markalanmalı olan alkoqol məhsullarını belə marka olmadan satma məqsədilə istehsal edib saxlamasına əsaslı şübhələr müəyyənləşdirilib.
Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxsin yerinin müəyyənləşdirilməsi əsası ilə Rusiya Federasiyası Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin olunub və Eldar Əsgərov 2021-ci il mayın 6-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təhvil verilib.