2020-ci il Azərbaycan xalqının uzunəsirlik tarixinə qızıl hərflərlə yazılacaq. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti sayəsində təcavüzkar Ermənistandan azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı. Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş yüzlərlə gəncimiz sağlamlıqlarını da qurban verdi. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdilər. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkan müqəddəs ziyarət yeri oldu.

Elitinfo.az xəbər verir ki, bu il Azərbaycan xalqı ilk dəfə olaraq 27 sentyabr tarixini Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Şəhidlərin Anım Günü kimi qeyd edəcək. Bu münasibətlə bu günlərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən təşkil olunan “Şəhid qardaşıma məktub” inşa yazı müsabiqəsinin birinci mərhələsi yekunlaşıb. Dörd ay ərzində davam edəcək bu layihə mövcud koronavirus pandemiyası nəzərə alınaraq onlayn formatda keçirilib.

Müsabiqədə Bakı Slavyan Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Musiqi Akademiyasından ümumilikdə iki minə yaxın gənc iştirak edib. Müsabiqənin nəticələri şəhid və qazi ailələrinin, ictimaiyyətin tanınmış nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, xüsusi kitab kimi nəşr olunaraq bu ilin sentyabrında təqdimatı keçiriləcək.