ADA Universitetinin prorektoru Fariz İsmayılzadə V.N.Karazin adına Xarkov Milli Universitetinin tələbələri üçün “Zoom” platforması üzərindən mühazirə oxuyub.

Elitinfo.az xəbər verir ki, onlayn mühazirəni V.N.Karazin adına Xarkov Milli Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və turizm biznesi fakültəsinin dekanı, iqtisadiyyat elmləri namizədi, dosent Valeri Reznikov açıb. O vurğulayıb ki, Azərbaycan universitetlər və tələbələr arasında əməkdaşlığın inkişafı üçün olduqca maraqlı ölkədir. V.Reznikov deyib: “Zənnimcə, Ukraynanın strateji tərəfdaşı olan Azərbaycan haqqında hərtərəfli məlumat almaq ukraynalı tələbələr, eləcə də onların professional inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Mən ADA Universitetinin prorektoru Fariz İsmayılzadəyə Ukrayna-Azərbaycan münasibətləri barədə belə maraqlı və hərtərəfli məlumata görə minnətdarlığımı bildirirəm”.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında ölkələrimiz arasında münasibətlərin diplomatik, ticari-iqtisadi, mədəni və digər aspektlərindən danışıb, Azərbaycanın regionda lider ölkə olması barədə məlumata diqqəti çəkib. O deyib: “Ukrayna ilə Azərbaycanı bir-biri ilə çoxdankı dostluq əlaqələri, həmçinin strateji tərəfdaşlıq bağlayır. Vurğulamaq istərdim ki, ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”. Prorektor ADA Universiteti barədə ətraflı məlumat verib, bu universitetin beynəlxalq proqramları və layihələrindən danışıb.

Görüşün moderatorları qismində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk və V.N.Karazin adına Xarkov Milli Universitetinin iqtisadi münasibətlər və turizm biznesi fakültəsinin gənclər proqramı və təşəbbüsünün baş əlaqələndiricisi Olqa Bulqakova çıxış ediblər.

Mühazirənin sonunda tələbələr üçün ADA Universitetinin beynəlxalq proqramları barədə prorektora suallar vermək fürsəti yaradılıb.