Martın 18-də 20 saylı Nərimanov seçki dairəsindən deputat, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq videokonfrans vasitəsilə seçicilərinin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildiriblər ki, videoqəbul zamanı sədr müavini 2020-ci ilin tariximizdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun qazandığı tarixi Qələbə ilə yadda qalacağını, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsinin hər bir azərbaycanlıda qürur doğurduğunu diqqətə çatdırıb.

Görüş zamanı seçicilər Vətən müharibəsinin ölkəmizin tarixində misilsiz yeri olduğunu qeyd ediblər. Qəbulda seçicilərin qaldırdığı müxtəlif kommunal, infrastruktur, sosial, humanitar məsələlər müzakirə edilib, onların bir hissəsi yerindəcə həll olunub.
Bildirilib ki, seçicilərin təhsil, işlə təminat, məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətləri isə araşdırılması və zəruri tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndəriləcək.
Görüşün sonunda seçicilərə xüsusi karantin rejiminin şərtlərinə riayət olunmasının zəruriliyi bir daha xatırladılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb.