Son 2 gündə ölkə üzrə təbii qaza olan tələbatda artım müşahidə olunmaqdadır. Bu tələbata uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi əhali xətlərini əhatə edən şəbəkəyə qazın qəbulunu artırmaq məcburiyyətində qalıb.
Elitinfo.az xəbər verir ki, bu barədə birliyin baş direktoru Ruslan Əliyev öz “Facebook” sosial şəbəkə ünvanında paylaşım edib. R.Əliyev bildirib: “Təkcə martın 13-də əhali xətlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon kubmetrədək qaz qəbul olunub. Ötən il martın 13-də əhali xətləri üzrə qaz qəbulu 18,6 milyon kubmetr təşkil edib. 2021-ci il martın 13-də isə bu rəqəm artıq 34 milyon kubmetrdir. Arxada qoyduğumuz 13 günlük göstəricilər isə daha böyük rəqəmləri əks etdirir. Ötən illə müqayisədə mart ayının 13 günü ərzində əhali xətləri üzrə 100 milyon kubmetr çox qaz qəbulu aparılıb. Belə ki, 2020-ci ili martın 13 günündə bu göstərici təqribən 293,3 milyon kubmetr, bu il isə təqribən 393,2 milyon kubmetr təşkil edir. Deməli, mart ayı yaz fəsli sayılsa da, reallıqda 2021-ci ildə qış ayı kimi müşahidə edilməkdədir. Tələbatın qarşılanması üçün digər müvafiq strukturlarla daim təmasdayıq. Abonentlərin təbii qaza olan ehtiyacını təmin etmək üçün var gücümüzlə çalışırıq. Əgər sizi narahat edən məqamlar varsa, hansısa ərazilərdə qaz təchizatına dair çətinlikləriniz qalıbsa, mütləq bizim 104/185 saylı Çağrı mərkəzi ilə əlaqə saxlayın, 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə mesaj göndərin və yaxud “Facebook” sosial şəbəkəsi üzərindən mənim özümə yazın”.