Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyası çərçivəsində keçirilən “Meltvater” turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

Elitinfo.az xəbər verir ki, turnirin 4-cü turunda baş tutan qarşılaşma heç-heçə başa çatıb. Qeyd edək ki, şahmatçımızın birinci turda Niderland təmsilçisi Aniş Giri, daha sonra argentinalı Alan Piçot və üçüncü turda amerikalı Uesli So ilə qarşılaşmaları da heç-heçə ilə nəticələnib. Təmsilçimiz bu günün son oyununda rusiyalı Daniil Dubovla qarşılaşacaq.
Turnirdə mübarizə aparan digər şahmatçımız Şəhriyar Məmmədyarov isə birinci turda ermənistanlı Levon Aronyan üzərində inamlı qələbə qazanıb. Daha sonra rusiyalı Daniil Dubov, amerikalı Hikaru Nakamura ilə heç-heçə edən şahmatçımız niderlandlı Yorden Van Forestə də qalib gəlib. Beşinci turda onun rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.

Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır.
Xatırladaq ki, Teymur Rəcəbov bu ilin yanvar ayında “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.