Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə üzv ölkələrin iqtisadi əməkdaşlığı inkişaf etdirməsinə imkan verəcək yeni bir investisiya fondunun yaradılmasını müzakirə edib.

Elitinfo.az xəbər verir ki, B.Amreyev TDƏŞ-in fəaliyyətinin əsas istiqamətləri və gələcək inkişaf perspektivləri barədə danışıb. TDƏŞ-in qarşıdan gələn tədbirlərinə ən yüksək səviyyədə hazırlıq işləri, Türk Şurasının statusunun tamhüquqlu beynəlxalq quruma yüksəldilməsi istiqamətində işlər, habelə iqtisadi və investisiya istiqaməti barədə məlumat verilib.
Görüşdə TDƏŞ ölkələrinin kiçik və orta sahibkarları arasında əməkdaşlığın inkişafına kömək edəcək Türk İnvestisiya Fondunun yaradılmasının vacibliyi qeyd olunub.
Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması hələ 2019-cu ildə TDƏŞ-in VII sammitində müzakirə edilib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə görüşü Türkiyədə keçiriləcək. Şuranın VIII Sammitinin Türkiyədə keçirilməsi təklifi ilə Rəcəb Tayyib Ərdoğan çıxış edib. TDƏŞ-in VII Zirvə görüşü 2019-cu il oktyabrın 15-də Bakıda keçirilib.