Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda martın 12-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatını əsas tutaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında problemlərin yaşanmaması üçün müvafiq tədbirlərə başlayıb.

Elitinfo.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq.

Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə, ən qısa zamanda aradan qaldırılacaq. Müvafiq strukturlar üzrə əlavə işçi qüvvələrinin də xidmətə cəlb edilməsi gözlənilir.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.

“Azəriqaz” onu da qeyd edib ki, martın 12-də saat 14:00-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımda olacaq. Abonentlər onları maraqlandıran sualları baş direktora ünvanlaya bilərlər.