Yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndiyi son illərdə dünyanın aparıcı ölkələrinin maliyyə və ödəniş sistemlərində ISO20022 standartına keçid qlobal miqyasda bir trendə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritetlərin icrası çərçivəsində istifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa imkan verən maliyyə sisteminin universal mübadilə standartlarının (ISO20022) tətbiqinə başlanılıbr. Bu istiqamətdə aparılan işlərin effektivliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən “Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə Tədbirlər Planı” təsdiq olunub və Milli Ödəniş Sistemi iştirakçılarının daxili informasiya sistemlərində, elektron bankçılıq və korporativ müştərilər ilə ödəniş xidmətlərində ISO20022 standartının tələblərinə uyğunlaşdırılması üzrə təşkilati və texniki tətbiq işlərinə start verilib.
AMB-dən Elitinfo.az-a bildirilib ki, Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi ilə yanaşı Mərkəzi Bank xarici ölkələrdə də icra olunan anoloji layihələri və tədbirləri xüsusi diqqət mərkəzində saxlayır. Bu tədbirlərdən biri də Beynəlxalq Hesablaşmalar Bankının “BIS Innovation Hub” bölməsinin və SWIFT-in təşkilatçılığı ilə martın 12-19-da dünyanın müxtəlif ölkələrindən 400-dək nümayəndənin iştirakı ilə keçiriləcək “ISO20022 hackathon” tədbiridir.
Tədbirin ilk günü keçiriləcək seminarlarda SWIFT-in ISO20022 üzrə mütəxəssisləri tərəfindən korporativ və fiziki şəxslər arasında aparılan ödənişlərdə ISO20022 standartının tətbiq edilməsinin üstünlükləri və tələbləri barədə geniş məlumat veriləcək, eyni zamanda, tətbiqi proqramlaşdırma interfeyslərinin (API) tətbiqi üzrə ən yaxşı təcrübələr haqda təqdimatlar keçiriləcək.
Tədbirdə iştirakçı komandalar ISO20022 standartına uyğun olaraq tərtib edilmiş ödəniş mesajlarından və API-dən istifadə edərək ölkələrarası ödəniş həlləri hazırlayacaqlar. Bu tədbirdə Azərbaycan Mərkəzi Bankının və ölkənin bank sektorunun ödəniş sistemləri və informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərindən ibarət 6 komanda iştirak edir. ISO20022 standartı üzrə komandalararası qlobal yarış martın 13-19-da baş tutacaq və yarışa hakimlik nüfuzlu qurumların (“Federal Reserve Bank”, “Payments Canada”, “Bank of England”, “European Central Bank”, DBS, SWIFT və digər) nümayəndələri tərəfindən ediləcək.
Bu kimi beynəlxalq tədbirlərdə iştirak qabaqcıl təcrübənin öyrənilməsinə, həmçinin Milli Ödəniş Sistemi iştirakçıları tərəfindən ISO20022 standartına keçid prosesində daha innovativ həllərin hazırlanmasına və tətbiqinə öz töhfəsini verəcək.