Yanvarın 15-də İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə bu ölkəyə 50 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Elitinfo.az-a verilən məlumata görə, İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göstərilmiş humanitar yardıma görə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla, Azərbaycan xalqına minnətdarlıq ifadə olunub.

Xatırladaq ki, yanvarın 15-də Sulavesi adasında baş vermiş 6,2 bal gücündə zəlzələ 27 nəfərin ölümünə, 600 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın evə ziyan dəyib, 10 yaşayış evi isə tamamilə dağılıb.