Həqiqi hərbi xidmətdə olan, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılmalıdır.

Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Məruzədə yer alan digər təklifdə qeyd olunub ki, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləği artırılmalıdır.

Eyni zamanda, yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nəqliyyat xərclərinin də müəyyən edilməsi məsələsi məruzədə öz əksini tapıb.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.