Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri bu torpaqlara həyatın yenidən qayıtdığını göstərir. İndi 30 ildən çox yağı tapdağı altında inləyən torpaq da, bu torpağa ayaq basan insanın ruhu da dincəlir. Torpaq əsl sahibinə qovuşanda nəfəs alır. Bir sözlə, doğma Qarabağımızda həyat yenidən canlanır.

Dövlətimizin başçısının səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına start verildi, həmçinin Laçının Güləbird kəndində qısa müddətdə inşa edilmiş Su Elektrik Stansiyasının (SES) açılışı oldu. Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar əkildi, Cəbrayılda hektarlarla torpaq sahələrinin əkilib-becərilməsi ilə bağlı vəziyyət yerində dəyərləndirildi.

Elitinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Mədəniyyət komitəsinin sədri diqqətə çatdırıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın XXI yüzilliyə daşımaq istədiyi faşizm, işğalçılıq kimi bəlalara son qoydu. Bu, Azərbaycanın öz torpaqlarında həyatın canlanması ilə yanaşı, Qafqazda əmin-amanlığa, firavanlığa, Avrasiyada nəqliyyat-kommunikasiya əməkdaşlığının inkişafına, bəşəri tərəqqiyə verdiyi töhfədir. Bütün bunlar dünya erməniliyinin, erməniləri hələ də müdafiə etməyə çalışanların haqsız olduğunu bir daha təsdiq edir.

“Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə işğaldan azad olunmuş torpaqlara ardıcıl səfərləri dünyaya özünəməxsus mesajlar verir. Azərbaycan Qarabağda da, dünyada da qarşılıqlı əməkdaşlığı, qurub-yaratmağı, bütün konstruktiv tərəfdaşlara “qazanan-qazanan” formulunu təklif edir. Bəs Ermənistan nə edir? Prezident İlham Əliyev uzaqgörən gedişlərlə Ermənistan siyasi-hərbi rəhbərliyini fakt qarşısında qoyub. İndi Ermənistan elə vəziyyətdədir ki, hansı addımı atsa, Azərbaycanın məsləhət bildiyi yolla getməyə məcburdur. Burada seçim Ermənistanındır: ya daha ağır duruma düşməli, ya da ziyanın yarısından qayıtmalıdır.

Azərbaycan Prezidentinin müdrik rəhbərliyi, uzaqgörən diplomatiyası Qarabağda həyatın canlanması ilə yanaşı, ölkəmizdə yaşayan erməniləri də, dövlət sərhədinin o tərəfində yaşayan Ermənistan vətəndaşlarını da bu fərqi açıq şəkildə ayırd etməyə imkan verir. Artıq mif dağıdılıb və ermənilər bu ideologiya ilə heç yerə gedib çıxa bilməzlər. Xeyir həmişə Şərə qalib gəlib və indi də belədir. Şərə qalib gələn ölkəmiz illərdir əsarət altında olan torpaqlarına qovuşdu. Azərbaycan tezliklə işğaldan azad olunmuş torpaqlara böyük qayıdışı təmin edəcək”, – deyə Qənirə Paşayeva vurğulayıb.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin çox böyük strateji əhəmiyyətə malik olduğunu qeyd edən komitə sədri bildirib ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm insanların gəlməsi, həm də yüklərin daşınması üçün böyük önəm daşıyır. Bu dəmir yolu xətti bizi uzun fasilədən sonra Naxçıvanla birləşdirəcək. Ona görə də bu, həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz üçün önəmli layihədir.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş torpaqlara səfəri Ordumuzun, mülki vətəndaşlarımızın, ümumiyyətlə, hər birimizin qəlbini qürur hissi ilə doldurur. “Prezident İlham Əliyevin hər səfəri, tapşırıq və tövsiyələri dövlətimizin böyük layihələri gerçəkləşdirmək, heç bir sosial layihəni təxirə salmadan, Qarabağda nəhəng təmir-bərpa işlərinin öhdəsindən gələ bilmək gücünü, imkanını bir daha göstərir. Bu, hər dövlətin bacaracağı iş deyil. Qarabağın azad olunması uğrunda keçirilən əməliyyatların unikallığı kimi, Qarabağda aparılacaq bərpa işlərinin, infrastruktur layihələrin icrasının da sürət və keyfiyyətinin üst-üstə düşməsi də nadir hadisədir.

Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Dövlətimizin gücü və qətiyyəti sayəsində Qarabağımız tezliklə cənnət guşəsinə çevriləcək”, – deyə Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.