Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, Rumıniyadan Azərbaycana “Jala Pharma” MMC tərəfindən idxal edilən 1000 ədəd 76 kiloqramlıq BIO SELEN ZN 30 CPS əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə baxış keçirilib.
Baxış zamanı götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metallar – qurğuşun və kadmiumun kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlak üçün yararsız olduğu aşkarlanıb.
Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı müvafiq qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.