Fevralın 9-da Milli Məclisin gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Yusif Əhmədov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildirilib ki, görüşdə Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev 2020-ci ilin tariximizə qızıl hərflərlə düşməsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş Qələbəsi, nəticədə uzun illərdir davam edən nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Vitse-spiker əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərdə şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Adil Əliyev döyüş və diplomatiya meydanlarında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb, Azərbaycanda idmanın daim diqqət mərkəzində olduğunu, ölkəmizin dünyada idmana ən çox önəm verən dövlətlərdən biri olduğunu qeyd edib. Vitse-spiker ölkəmizin beynəlxalq olimpiadaların təşkilatçısı kimi nüfuzunu nəzərə alaraq, idmançılarımızın da yarışlara daha əzmlə hazırlaşmasının zəruriliyini bildirib.
Sonda Vətən müharibəsi qazisi Yusif Əhmədova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.