BP 2020-ci ili 5,7 milyard dollar zərərlə tamamladığını açıqlayıb.

Elitinfo.az şirkətə istinadla xəbər verir ki, BP keçən ilə 5,7 milyard dollar zərərlə yekun vurub. 2020-ci ilin son rübündə şirkətin xalis mənfəəti 115 milyon dollar olub.

Açıqlamada son 1 ildə aşağı neft və təbii qaz qiymətləri, azalan qlobal neft tələbatının şirkətin mənfəət marjında itkiyə səbəb olduğu bildirilib. Yeni növ koronavirus epidemiyasının BP-nin 2021-ci ildəki fəaliyyətinə təsir göstərməkdə davam edəcəyi qeyd olunub.
BP-nin baş icraçı direktoru Bernard Luni deyib: “2020-ci il həmişə COVID-19-un yaratdığı ağrı və kədərlə xatırlanacaq. Həyatlar və insanların dolanışıqları məhv oldu. Sənayemizə də çox zərbə vuruldu. Nəqliyyat və hava yolu, neft tələbatı və qiymətlər, eləcə də mənfəət dərəcələri azaldı. 2020-ci il karyeramın ən çətin ili oldu. 2021-ci ildə daha yaxşı günlər gözləyirik”.
Qeyd edək ki, şirkətin açıqladığı zərər gözləntiləri də aşıb. Belə ki, analitiklər BP-nin xalis zərərinin 4,8 milyard dollar olacağını gözləyirdilər.
Xatırladaq ki, BP 2019-cu ildə 10 milyard dollar xalis mənfəət əldə etmişdi.