Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki və bitkiçilik məhsulları, eləcə də aqrokimyəvi maddələr və pestisidlərin ölkə ərazisinə idxalı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, agentlik yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Elitinfo.az-a bildiriblər ki, qeydiyyatdan keçməmiş aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalı qadağandır, buna cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək.
Sahibkarlar qeydiyyatdan keçmiş pestisid və aqrokimyəvi maddələrin siyahısını agentliyin rəsmi saytına (afsa.gov.az) daxil etməklə və ya “1003- Çağrı Mərkəzi”nə zəng edərək əldə edə bilərlər.