Azərbaycanda dekabrın sonlarından, xüsusilə son həftələrdə koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının belə bir kriteriyası var: aparılan testlər arasında pozitiv nəticələrin payının 5 faizdən az olması ictimai səhiyyə tədbirlərinin yumşaldılmasına izn verir. Son həftələrdə pozitiv nəticələrin payı 5 faizdən az oldu və hətta bir neçə dəfə yoluxma sayı ikirəqəmli ədədlərə endi. Bunlar hamısı yaxşı xəbərlərdir və hökumətin aldığı yumşalma qərarlarının səbəbidir. Lakin çox arxayınlaşmamalıyıq.
Elitinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O, koronavirusun yeni mutasiyasının xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatların davam etdiyini bildirib: “Koronavirus çox sürətlə mutasiya edən virus olmasa da biz onun yeni növlərinin çıxacağını gözləyirdik. Koronavirus bizim aramızda dünyada qaldıqca onun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır. Bizim üçün önəmli olan yeni variantın daha çox xəstələndirmə, daha çox öldürmə qabiliyyətinin öyrənilməsi, əlimizdə olan diaqnostik testlərin onun aşkarlanması üçün yetərli olmasını, peyvəndin yeni növə qarşı təsirli olub-olmamasını bilməkdir. Hazırda bu suallara cavab axtarılır. İlkin tədqiqatlara görə, “Britaniya ştammı”nın daha çox yoluxdurucu olması, mövcud testlər vasitəsilə aşkarlana bilməsi və hazırlanan peyvəndlərin həmin ştamma qarşı təsirli olması müəyyənləşib. Hazırda onun yoluxuculuğunun 50-70 faiz çox olduğu məlumdur. Lakin öldürücülüyünün artması barədə dəqiq nəticələr yoxdur. Yeni ştammın yoluxuculuğunun çox olması xəstəlik yükünün artacağı anlamına gəlir, lakin onun daha ağır keçməsi elm adamları tərəfindən araşdırılır. Yeni ştamm indiyədək təxminən 50 ölkədə rast gəlinib. Azərbaycana gəlməyəcək deyə düşünməyə dəyməz. Lakin hər kəs nə edəcəyini, virusla mübarizədə nəyin faydalı olduğunu bilir. Çünki virus eyni virusdur”.
H.Harmancının sözlərinə görə, dünyada 50-dən çox ölkədə müxtəlif vaksinlərdən istifadə olunaraq COVID-19 əleyhinə peyvəndləmə aparılır: “Vaksinasiyaya dekabrda başlanılıb və indiyədək təxminən bir ay yarım vaxt keçib. Az müddət keçdiyinə görə peyvəndin təsiri ilə bağlı dəqiq məlumat yoxdur. Buna baxmayaraq, yan təsirlərlə bağlı məlumatlar var. Çünki bütün ölkələr peyvənddən sonrakı yan təsirləri çox ciddi bir şəkildə izləyirlər, mütəxəssislər isə nəticələri analiz edirlər. Sevindirici odur ki, hazırkı dövrədək aparılan vaksinləmə prosesi zamanı ciddi yan təsirlər aşkarlanmayıb. Bəzi faktlar oldu, onlar araşdırıldı və peyvəndlə bağlığı aşkarlanmadı. Peyvəndin uzunmüddətli təsirinin öyrənilməsi üçün müəyyən qədər vaxta ehtiyac var. Yan təsir kimi daha çox vaksin vurulan yerdə yüngül ağrı, həssaslıq hiss edilə, bir-iki gün sonra qızdırma müşahidə edilə bilər. Bu, bütün peyvəndlərdə qeydə alınır və ciddi yan təsir hesab olunmur.
Peyvəndlər haqqında indiyədək məlum olan faktlar onların ölüm və ağır xəstələnmə hallarını azaltmasıdır. Bu səbəbdən vaksinlərin ilk olaraq səhiyyə işçiləri və yaşlı vətəndaşlara tətbiqini tövsiyə edirik. Peyvəndlərin yoluxmanı azaltmasına dair tam məlumat yoxdur. Bu məlumatlar qarşıdakı dövrdə əldə olunacaq. Pandemiyanı sadəcə peyvəndlə nəzarətdə saxlamağa dair də kəskin sübut yoxdur. Koronavirus pandemiyasını nəzarət altında saxlamaq üçün mövcud olan bütün silahlarımızı istifadə etməyə ehtiyac var. Peyvəndlə ölüm hallarının qarşısını almaq və səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa çalışırıq. Bir müddətdən sonra peyvəndin pandemiyanın dinamikası üzərində təsirini çox yaxşı anlayacağıq.
Dünyada hər kəs pandemiyadan qurtulmadıqca tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Hazırda Azərbaycanda vəziyyət stabilləşib və yumşalmalara gedildi. Lakin bunu unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitməyib. Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik”.