İsrailin Diaspora Məsələləri Nazirliyi tərəfindən dünyada antisemitizmlə bağlı vəziyyətə dair illik hesabat hazırlanıb. Yanvarın 27-də – Holokost qurbanlarının anım günü öncəsində dərc edilən hesabatda dünya ölkələrində 2020-ci ildə antisemitizm vəziyyəti dəyərləndirilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildiriblər ki, hesabatda Ermənistanda antisemitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də İsrail ilə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda antisemitizmin artmasına gətirdiyi vurğulanır. Bu fonda erməni xalqına qarşı tarixi və hazırkı cinayətlər ittihamları ilə etnik-dini zəmində yəhudilərə qarşı siyasi tənqidin konkret hücumlar ilə əvəzləndiyi qeyd olunur. İsrail dövlətinə qarşı tənqidin, hətta ifrat şəkildə antisemitizm bəyanatlarının səsləndiyi bildirilir.

Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi Azərbaycan tərəfindən dəfələrlə, o cümlədən ən yüksək səviyyədə qaldırılıb. Bu xüsusda Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının iclasında konkret sənədlərə və dəlillərə əsaslanan çıxışı qeyd olunmalıdır.

Azərbaycan tərəfinin davamlı şəkildə qaldırdığı və ciddi narahatlıq doğuran bu meyillər artıq beynəlxalq hesabatlarda əks olunur və beləliklə, Ermənistanda antisemitizmin artımı ilə bağlı həyəcan təbili çalınır.
“Etnik və dini zəmində nifrət siyasətinin heç bir gələcəyi yoxdur və bu fikirlər onu təşviq edən dövlətin və xalqın fəlakətinə çevrilə bilər. Ermənistan bu təhlükəli meyllərdən çəkinməli və xalqlararası sülh, əməkdaşlıq və rifahın yaradılması naminə səylər göstərməlidir. Sözsüz ki, bunun həm Ermənistana, həm bölgəyə, həm də beynəlxalq ictimaiyyətə faydası olacaq”, – deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.