Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 2020-ci il sentyabrın 10-u və 14-də “Elektron hökumət” portalı (“www.e-gov.az”) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılıb.
MİDA-dan Elitinfo.az-a bildirilib ki, mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.
İki mənzil isə ötən il sentyabrın 10-da Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib. Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəsinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.
Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.
Xatırladaq ki, Hövsan Yaşayış Kompleksində 2020-ci il iyunun 30-da keçirilən ilk satışın nəticəsində 224 ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə iki satışın nəticəsində 625 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzil əldə edib.