Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanıb. Füzuli hava limanının, Füzuli-Şuşa avtomobil yolunun inşasına start verilib. Bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri və digər layihələr prioritet təşkil edir.
Elitinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Müharibədən sonra yaranmış vəziyyətin bölgə ölkələri üçün yeni imkanlar açdığını vurğulayan dövlətimizin başçısı deyib: “Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin”.
Prezident İlham Əliyev qeyd edib ki, müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərib.
“Biz döyüş meydanında qələbə qazandıq, biz mülki sahədə qələbə qazandıq. Çünki əgər güclü iqtisadiyyat qurmasaydıq, güclü ordu qura bilməzdik. Ona görə bütün amillərin sintezi həm qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı da şərtləndirəcək. Hətta pandemiya dövründə də bizim qeyri-neft sənayemiz artmışdır, özü də böyük dərəcədə. Keçən il qeyri-neft sənayemiz 12,5 faiz artmışdır. Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı – bütün bu amillər öz rolunu oynayıb”, – deyə Prezident əlavə edib.