Bu həftənin əvvəlindən Bakının Xəzər rayonundakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında vaksinasiya tədbirlərinə başlanılıb. Hər gün xəstəxananın həkim və tibb işçiləri yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunurlar. Ötən günlər ərzində 66 nəfərə peyvənd vurulub.

Vaksinasiyanın gedişi barədə xəstəxananın baş həkimi Tərlan Bəbirov Elitinfo.az-a məlumat verərək deyib: “Xəstəxanamızda peyvənd aparılması üçün hər cür hazırlıq görülüb. 1 qeydiyyat, 6 peyvənd, 1 müşahidə və 1 təxirəsalınmaz tibbi yardım otağı ayrılıb. Həmçinin bu mühüm tədbirin aparılması üçün hərəsində 4 həkim və 6 tibb işçisi olmaqla iki növbədə işləyirik. Peyvənd vurulmamışdan əvvəl həkim otağında təzyiq və temperatur ölçülür, hansısa xəstəlikləri olub-olmadığı öyrənilir, bundan sonra jurnalda qeydiyyat aparılır, ikinci dozanın vurulma vaxtı göstərilir və həmin qeydlərin aparıldığı kart peyvənd olunanın özünə verilir. Peyvənd edilənlər yarım saat müşahidə otağında əyləşərək onların hansısa fəsadla üzləşib-üzləşmədikləri izlənilir və yalnız bundan sonra onlar evə buraxılırlar. Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksininin saxlanılması üçün peyvəndləmə aparılan otaqlarda soyuducular və termoçantalar var. Həmin soyuducuda vaksinlər mənfi 2 dərəcədən 8 dərəcəyədək temperaturda saxlanılır, istifadədən təxminən 10 dəqiqə əvvəl çıxarılır.. İndiyədək aparılan vaksinasiya tədbiri heç bir əks təsirə səbəb olmayıb”.
Baş həkim daha sonra deyib: “Xəstəxanamızda 531 həkim və tibb işçisi çalışır. Onlarda 67 nəfəri müxtəlif vaxtlarda COVID-19 infeksiyasına yoluxub və müvafiq müalicə prosedura keçəndən sonra sağalıb. Bu gün günün birinci yarısında daha 13 nəfər peyvənd edilib. Yaxşı haldır ki, əksəriyyət bu tədbirin vacibliyini anlayışla qarşılayır və peyvənd vurdurmağın zəruriliyini dərk edir. Tibb işçilərinin peyvənd edilməsi başa çatandan sonra yəqin ki, gələn ayın əvvəllərindən yaşı 65-dən yuxarı olanların bu mühüm tədbirə cəlb olunmasına başlayacağıq”.