Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

DİN-in mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.

Postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi nəzarət-profilaktik tədbirlər nəticəsində müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanıb.