Vətən müharibəsində yaralanmış daha bir qazimizin – Məmməd Əkbərovun ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin ediləcəyini xəbər vermişdik.

Elitinfo.az-a  nazirlikdən bildirilib ki,qısa müddətdə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb.

Bu gün isə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Məmməd Əkbərovun ailəsinə yeni mənzilin açarlarını təqdim etdi. Ailə artıq yeni evinə köçə bilər.

V.Behbudov qazimizi və ailəsini bu münasibətlə təbrik edib. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək işlərinin aparıldığını bildirib. Məmmədin və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onların ödənişli ictimai işlərə cəlb olunduğunu da qeyd edib.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən M.Əkbərov döyüşlərin birində xəsarət almasına baxmayaraq, yenidən  döyüşlərə davam edib. Oktyabrın 21-də  Qubadlı  uğrunda döyüşdə növbəti dəfə yaralanıb. Müalicəsini evdə davam edən Məmməd  əlilliyə görə təqaüd alan atası,  orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.

Xatırladaq ki, ötən ay V.Behbudov və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ailə ilə görüşmüşdü. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə onların mənzillə təmin edilməsi qərara alınmışdı.

Rahilə İbrahimqızı