Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsi üzrə islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilərək, yeni Medianın İnkişafı Agentliyi yaradılıb.

Müasir medianın inkişafı və formalaşması  üçün yaradılan yeni qurumla bağlı Bakı Dövlət Universitetinin  professoru Cahangir Məmmədli Elitinfo.az-a öz  fikirlərini bildirib:

-Belə bir qurumun, Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycan prezidentinin ölkədə demokratik mətbuatın inkişafına diqqətinin daha bir göstəricisidir. Çünki bizim prezidentimiz ümummilli liderimiz Heydər Əliyevin demokratik mətbuat konsepsiyasını yüksək səviyyədə davam etdirən liderdir. Media İnkişafı Agentliyi bir sıra istiqamətləri ilə yeni məzmun və əhəmiyyət kəsb edir. Bu agentlik birbaşa media anlayışını ifadə edir.  Media isə geniş anlayışdır. Əgər Kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yalnız mətbuatı, qəzetləri nəzərdə tuturdusa, indiki agentlik trend mediasını, elektron medianı, televiziyaları,  saytları, internet sahəsindəki jurnalistikanı dəstəkləməyi qarşıya məqsəd qoyub. Ən vacib məsələlərdən biri peşəkarlığın artırılmasıdır.  Bunun üçün yeni konsepsiya hazırlanır. Maraq doğuran məsələlərdən biri də yeni media KİV qanunlarınn hazırlanmasıdır. Buna çox ehtiyac var, çünki media elə bir sahədir ki, onun texnologiyası, informasiya ötürmə vasitələri hər gün yenilənir. Bütün dünyada mediada yeni proseslər gedir, jurnalistika daha dinamik olur.  Yeni qanun bunu nəzərə alacaq,  böhtan və təhqirlərə yol verən jurnalistikanı qanuna əməl etməyə dəvət edəcək. Məmur-jurnalist münasibətlərinin daha səmimi oması təmin olunacaq. Çox istərdik ki, agentlik jurnalistika və milli maraqlar, internet və milli maraqlar sistemini diqqətdə saxlasın. Azərbacanın milli maraqlarını heç nəyə qurban vermək olmaz. Qərbin bizə təlqin etdiyi prinsiplərə onlar heç bir riayət etmirlər. Biz 44 günlük müharibə dövründə gördük ki,  Qərbin bəzi ölkələri bizə demokratik ideyalar təbliğ edən, mətbuatda dəqiqliyi, xüsusilə qərəzsizliyi təbliğ edən jurnalistika özü Azərbaycana qarşı son dərəcə qərəzli oldu.

İnformasiya təhlükəsizliyi ilə bağlı tədbirlərin rəsmiləşdirilməsi çox vacibdir. Yeni qurum, yeni medianın inkişafı Azərbaycan jurnalistikasının beynəlxalq arenaya transfer etməsinə ciddi şərait yaradacaq. Bütün bunlar isə birbaşa peşəkarlıqla bağlıdır və Medianın İnkişafı Agentliyi öz proqramında bunlara çox ciddi yanaşacaq.

Mən dünən Real tv efirində Media İnkişaf Agentliyinin icraçı direktorunun Əhməd İsmayılovun müsahibəsinə diqqətlə qulaq asdım.  O, son dərəcə bütün maddələri dəqiq açıqladı.  Medianın İnkişafı Agentliyi Azərbaycanda söz və mətbuat azadlığının  inkişafına, dünya jurnalistikası sistemində Azərbaycan jurnalistikasının yerinin tam müəyyənləşdirilməsinə xidmət edəcək.

 

Rahilə İbrahimqızı