Dövlət Neft Şirkəti (SOCAR) bu il daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır.

Elitinfo.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0,5 faiz bəndi az – 4,5% təşkil edəcək.

Qiymətli kağızlar yenə də 5 il müddətində dövriyyədə olacaq, faizlər isə rüblük ödəniləcək. SOCAR-ın tədavül müddətində onları nominal dəyəri ilə geri alması da nəzərdə tutulub. Prosesin anderrayteri “PSG Kapital İnvestisiya Şirkəti” QSC olacaq.

Xatırladaq ki, SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti bu ilin oktyabr ayında başa çatır. Həmin istiqrazlar indiyə qədər sahiblərinə 25 milyon dollar gəlir gətirib.