Dekabrın 29-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanacaq. İmzalanma onlayn formatda olacaq.

Elitinfo.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Qeyd edək ki, Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb. Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir. Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir. Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.