Paytaxt məktəbliləri 2020-ci ildə də ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər.
Bu barədə Elitinfo.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələrinə əsasən, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov və 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bürünc medal qazanıblar.
“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Bakı şəhəri 102 nömrəli tam orta məktəbin şagirdi Ranal Qurbanov gümüş medala, Avropa Coğrafiya Olimpiadasında Bakı şəhəri 309 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Hüseynli isə bürünc medala layiq görülüb. Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva gümüş medal qazanıb. Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar. Həmçinin Sankt-Peterburqda keçirilmiş 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb.
“Microsoft” şirkəti tərəfindən təşkil olunmuş “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda təmsil edib. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlərin iştirak etdiyi tədbirdə II yer tutan komandamız öz təqdimatlarında brakonyerlik probleminin yaradıcı formada həlli yolunu təklif ediblər. Komanda, eyni zamanda, cinayətkarların davranışları əsasında brakonyerlik haqqında məlumatların toplanması və təhlili üçün süni intellektdən istifadə etməyi təklif edib. Komandamızın sözügedən layihə ilə “2021 Imagine Cup Junior Global Competition”da da iştirak etməsi gözlənilir. V Beynəlxalq Meqapolislər Olimpiadasında ölkəmizi təmsil edərək medallara layiq görülmüş 7 məktəblidən biri də Bakı şəhəri 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov olub. A.Cəlilov bürünc medala layiq görülüb.