Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş qərargahından Azərbaycana göndərilən 1 milyon maska bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib. Elitinfo.az-ın məlumatına görə, ÜST Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyinə də tibbi maskalar təqdim olunacaq. “Bunlar ÜST-dən gələn təmənnasız hədiyyələr olaraq qəbul olunmalıdır,” – deyə beynəlxalq təşkilatın nümayəndəsi bildirib.
Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə əməkdaşlıqdan məmnunluğunu bildirən Hande Harmancı deyib: “Bu hədiyyənin töhfə verəcəyinə ümid edirik. Birlikdə çalışmağa və koronavirusla mübarizə üçün birgə gücümüzü birləşdirməyə davam edəcəyik”.
O, həmçinin bildirib ki, bu gün ÜST-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Ədliyyə Nazirliyinə 250 min maska təqdim olunacaq: “Bir neçə qeyri-hökumət təşkilatlarına da tibbi maskalar veriləcək. Ümumiyyətlə Azərbaycana 2,5 milyon ədəd maska gətirilib. Bunları birgə əməkdaşlıq etdiyimiz Azərbaycanın müxtəlif qurumlarına bölüşdürəcəyik. 2020-ci ilin sonunadək bütün bu maskaları təqdim edəcəyik”.