Şuşa şəhəri ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirilir. Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən elektrik veriliş xətti vasitəsilə elektrik enerjisi ilə təmin olunub.
İndi əsas hədəf Şuşa şəhərini də ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün mal-material artıq göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür. Dağ və meşəlik, həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür. Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardır. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq.
Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC dövlətimizin başçısının müvafiq tapşırıqlarını ən qısa vaxtda layiqincə yerinə yetirəcək. Qarabağ Azərbaycandır!