Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən Elitinfo.az-a bildirilib ki, layihənin növbəti siması Şuşada musiqi məktəbinin yaradıcısı, məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğludur. O, 1823-cü ildə Şuşada anadan olub. Xarrat Qulunun təşkil etdiyi musiqi məktəbində 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək onlara muğamatı oxumaq qaydalarını öyrədərdi.
Xarrat Qulunun musiqi məktəbi Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynayıb. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu və məşhur tarzən Sadıqcan həmin məktəbin yetirmələridir. Xarrat Qulunun məktəbinə Qarabağ muğam ifaçılığı məktəbinin inkişaf tarixində mühüm bir mərhələ kimi baxmaq olar.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.