“SOCAR Petroleum” QSC, “E-PUL” ödəmə xidməti və “Visa”nın birgə layihəsi çərçivəsində “SOCAR” brendinə məxsus bütün yanacaqdoldurma məntəqələrində (YDM) “QR kod” əsasında təmassız ödəniş xidmətinin tətbiqinə başlanılıb.

QSC-dən Elitinfo.az-a bildirilib ki, bu yeni ödəmə xidməti vasitəsilə müştərilər “E-PUL” mobil əlavəsini öz smartfonlarına yükləyərək SOCAR-ın yanacaqdoldurma şəbəkəsində QR kodla təhlükəsiz və təmassız ödəniş etməklə yanacaq əldə edə biləcəklər. Ödəniş edərkən avtomobildən çıxmağa ehtiyac qalmayacaq. Beləliklə COVID-19 pandemiyası dövründə xüsusi əhəmiyyəti olan QR kodla təmassız ödəniş şəraiti SOCAR-ın yanacaqdoldurma şəbəkəsinin müştəriləri üçün artıq yaradılıb.

“Nağdsız ödəniş və fiziki kontaktların məhdudlaşdırılması bu günkü pərakəndə bazarlarının əsas tendensiyalarının tələblərini əks etdirən və innovativ olan QR-ödəmələr xidmətinin vacib xüsusiyyətləridir. “Visa” və “E-PUL” mobil əlavəsinin QR kodla ödənişlərin SOCAR-ın yanacaqdoldurma şəbəkəsində tətbiqi bizim müştərilər üçün yeni rahat və təhlükəsiz ödəmə şəraiti yaradacaq, müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına tövhə verəcək, bu isə SOCAR-ın prioriteti hesab olunur”, – deyə “SOCAR Petroleum” baş direktorun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

Bu layihə çərçivəsində “Visa” və “E-PUL” birlikdə dekabrın 14-dən təşviqat kampaniyasına başlanılıb. Belə ki, SOCAR-ın yanacaqdoldurma şəbəkəsində “E-PUL” mobil əlavəsindən və “Visa” kartından istifadə edərək ilkin olaraq QR kodla ən azı 10 AZN məbləğində ödəniş edən hər bir müştəri 5 AZN məbləğində endirim əldə edəcək.

QR kod ödəmə xidmətindən istifadə etmək üçün aşağıdakı qeyd olunan şərtlərə əməl etmək lazımdır:

– “E-PUL” əlavəsini “Android” və ya “iOS” üçün yükləmək

– qeydiyyatdan keçib, “Visa” kartını bu təhlükəsiz mobil əlavə vasitəsilə əlaqələndirmək

– operator avtomobili yanacaqla doldurduqdan sonra, yanacaqdoldurma pompasının üzərində quraşdırılmış QR kodun skan edilməsi

– mobil əlavədə alınan yanacağın dəyəri görünməli

– smartfondan ödəniş olunarkən məbləğ kart hesabından avtomatik olaraq silinəcək, ödəniş məlumatları “E-PUL” əlavəsinin tarixçəsində saxlanılacaq

– kassa çeki operator tərəfindən müştəriyə təqdim ediləcək.