Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
ADIF-dan Elitinfo.az-a bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Əmanətlərin Sığortalanması Fondunun idarə heyəti və əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və daha sonra Fondun inzibati binasında Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Tədbirin açılışında Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. ADIF-ın icraçı direktorunun müşaviri Akşin Cahangirov müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyev ideyalarından, Ulu Öndərin fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq aləmə inteqrasiyasından, Heydər Əliyev irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və Azərbaycanın bugünkü siyasi-iqtisadi kursundan danışıb.
A. Cahangirov deyib ki, Ulu Öndər nadir tarixi şəxsiyyət olmaqla müstəqilliyimizin qorunub saxlanılmasında, dövlət təsisatlarının yaradılmasında, hüquqi dövlət və demokratik cəmiyyət qurulmasında, azərbaycançılıq məfkurəsinin formalaşmasında misilsiz xidmətlər göstərib. Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən ulu öndər Heydər Əliyev xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına nail olmaqla yanaşı, milli mənəvi dəyərlərimizin qorunması, ziyalılara diqqət və qayğının göstərilməsi, milli kadrların yetişdirilməsi kimi mühüm məsələləri xüsusi vurğulayıb.
Tədbirin iştirakçıları dahi şəxsiyyətin qəlblərdə əbədi olaraq yaşayacağını söyləyiblər.