Dekabrın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olub.
Kitabxanadan Elitinfo.az-a bildirilib ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb və açılış mərasiminin Heydər Əliyevin anım gününə düşdüyünü nəzərə alaraq Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
K.Tahirov qeyd edib ki, 1995-1997-ci illərdə ulu öndər Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab bağışlayıb.
Tədbirdə Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani-Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazılarının nümayiş olunduğu diqqətə çatdırılıb.
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini icra edən Anar Kərimov çıxış edərək deyib: “Bu gün Ulu Öndərin ruhu ikiqat şaddır, əvvəla ona görə ki, onun canından çox sevdiyi doğma Azərbaycanı öz tarixi Zəfər bayramının, qələbə bayramının sevincini yaşayır, bayram edir və həm də ona görə ki, bu bayram sevincini və zəfər eyforiyasını xalqımıza, dövlətimizə Ulu Öndərin həyat və siyasət məktəbinin yetişdirməsi olan, onun “özü qədər inandığı” davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qazandırıb. Məncə, heç də təsadüfi deyildir ki, Prezidentimiz qələbə sevincini ilk olaraq ulu öndərimiz Heydər Əliyevlə bölüşmək üçün Fəxri xiyabana gedərək onun abidəsinin önündə baş əyərək atasının ən böyük vəsiyyətini yerinə yetirdiyini bildirib”.
A. Kərimov qeyd edib ki, buradakı kitablara nəzər yetirərkən Ulu Öndərin necə bir fəal mütaliəçi olduğunu əyani şəkildə görə bilirik: “Mən inanıram ki, hələ neçə-neçə nəsillər bu kitablarla və Ulu öndərin orada etdiyi qeydlərlə tanış olarkən onun kimi fəal mütaliəçi olmağa çalışacaq və bundan müsbət bir örnək götürəcəklər”.
YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının son 200 ildə yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biridir. Onun ölkəmizə rəhbərliyi ərzində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib. Vurğulanıb ki, Ulu Öndərin hakimiyyəti illərində yaranan ordumuz hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daha da inkişaf edib və Ali Baş Komandanımızın rəhbərliyi altında böyük zəfər tarixi yazaraq, 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımızı erməni işğalından azad edib.
Tədbirdə həmçinin, digər iştirakçıların da ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində xidmətləri haqqında çıxışları dinlənilib.
Sonda tədbir iştirakçıları guşədə nümayiş olunan materiallarla tanış olublar.