Vətən müharibəsində qazanılan Qələbədən sonra qarşımızda yeni hədəflər durur. Bu baxımdan qoyulacaq sərmayələr, məşğulluq proqramı mühüm əhəmiyyət kəsb edir. Ölkənin inkişafında təbii ki, iqtisadiyyatın mühüm rol oynaması nöqteyi-nəzərindən maliyyə sektoru daha da güclənməli və daha da şaxələnməlidir.

Elitinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 9-da keçirilən iclasında deyib.
Elman Rüstəmov bildirib ki, torpaqlarımızın azad edilməsi ilə nəticələnən ağır müharibədən sonra Azərbaycan iqtisadiyyatı makro-iqtisadi sabitliyi qoruyub saxlayırsa, Ermənistan isə tənəzzül doğru gedirsə, bu ölkəmizin öndə olduğunu göstərir, Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliklər barədə danışan Mərkəzi Bankın sədri qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu əhalinin əmanətlərinin və makro-iqtisadi sabitliyin qorunması baxımından çox işlər görür.

Elman Rüstəmov vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qələbəsi onu göstərdi ki, Azərbaycan daxili və xarici siyasət nəticəsində öndə gedən ölkədir. Məhz Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində son 17 il ərzində bütün sahələrdə, xüsusilə, ölkə iqtisadiyyatında, ordu quruculuğunda mühüm inkişaf və irəliləyiş əldə olunub.