Noyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 686,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 99,2 min barrelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, OPEC və qeyri-OPEC üzrə “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan noyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta gündəlik 587 min barrel həcmində icra etməklə “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

Qeyd edək ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

Cari il dekabrın 3-də “OPEC+” nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC+” ölkələri tərəfindən 7,2 milyon barrel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barrel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında Azərbaycan üçün təklif edilən gündəlik neft hasilatı 595 min barrel səviyyəsində müəyyən olunub.