Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, layihənin növbəti siması görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Süleyman Ələsgərovdur (1924-2000). O, musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub.

“Üzeyir ruhlu sənətkar” kimi dəyərləndirilən Süleyman Ələsgərov ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr edib. Asəf Zeynallı adına Musiqi Texnikomunun (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) direktoru, mahnı və rəqs ansamblının rəhbəri, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Televiziya və Radio Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru və musiqi bədii rəhbəri, Musiqili Komediya Teatrının (indiki Musiqili Teatr) direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında Xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb.

Ömrünün son illərində Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru olub, akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışıb.

Bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı olub. Musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradan bəstəkarın özünəməxsus musiqi dili vardı. O qeyd edirdi ki, gərək yaxşı bəstəkar əsərinin ilk notlarından tanınsın.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.