Cənubi Afrika Respublikasının Prezidenti, Afrika İttifaqının sədri Siril Ramafozanın təşəbbüsü ilə bu qitədə silahlı münaqişələrə son qoyulmasına dair sammit keçirilib.
Elitinfo.az xəbər verir ki, virtual sammitdə çıxış edən Siril Ramafoza COVID-19 pandemiyasının ağır fəsadları ilə yanaşı, Afrikada silahlı münaqişələrin daha da alovlanmasından narahatlığını ifadə edib. O qeyd edib ki, Konqo Demokratik Respublikası, Efiopiya, Nigeriya, Liviya və digər qaynar nöqtələrdə davam edən münaqişələr, habelə terror təşkilatlarının fəallaşması son bir ildə minlərlə insanın həlak olmasına səbəb olub. Cari ilin fevralında “Silahların susması” mövzusunda keçirilən sammitdən sonra vəziyyət daha da pisləşib.
Sammitdə çıxış edən Misirin Baş naziri Mustafa Mədbuli qeyd edib ki, silahlı münaqişələrin qarşısının alınması üçün terror təşkilatları ilə mübarizədə səylərin birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Sinay yarımadasında terrorçu qruplaşmalara qarşı həyata keçirilən hərbi əməliyyatlar öz bəhrəsini verib. Bundan başqa, rəsmi Qahirə Liviya və Efiopiyada silahlı münaqişələrin həllinə də töhfə verib. Belə ki, “Qahirə sülh planı” təşəbbüsü irəli sürüldükdən sonra Liviyada münaqişə tərəfləri arasında danışıqlar prosesi daha da fəallaşıb.
Qeyd olunub ki, hazırda Afrikada terrorçu qruplaşmaların və mülki şəxslərin əlində 40 milyondan çox silah var. Qitə ölkələrinə silahlanmanın qarşısını almaq məqsədilə silah ixracatçısı olan ölkələrə də müraciət qəbul edilib.
Müzakirələrdə çıxış edən BMT, UNICEF və digər beynəlxalq təşkilatların Afrika üzrə nümayəndələri Afrika İttifaqının 2030-cu ilədək nəzərdə tutulmuş “Silahların susması” planı çərçivəsində həyata keçiriləcək tədbirlərdən danışıblar.