Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilən “Könüllülər İli” çərçivəsində dekabrın 5-də Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib.

Gənclər Fondundan Elitinfo.az-a bildiriblər ki, “Zoom” platforması vasitəsilə iki minə yaxın könüllünün iştirakı ilə keçirilən görüş, eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqının “Facebook” səhifəsində canlı yayımlanıb.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edib.
Dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələrinin könüllülərə müraciətlərinin yer aldığı tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub, musiqili fasilələr və intellektual yarışlar təşkil edilib.

Forumda BMT-nin Baş katibi Antonio Quttereş, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, BMT Könüllülük Proqramının icraçı əlaqələndiricisinin müavini Toily Kurbanov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun könüllülərə müraciəti dinlənilib. Çıxışlarda könüllülüyün gənclər arasında bir həyat tərzinə çevrildiyi, onların istər gündəlik fəaliyyətləri zamanı, istərsə də pandemiya və müharibə dövründə əsl həmrəylik və cəsarət nümunəsi olmaları bacardıqları qeyd olunub. İl ərzində cəmiyyətin müxtəlif sahələrinin inkişafına verdikləri töhfəyə görə könüllülərə təşəkkür edilib, qarşıdakı fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra ölkəmizin müxtəlif bölgələrindən olan könüllülərin təbrik videosu göstərilib və “Könüllülük mənə nə qazandırdı?”, “Hər bir könüllüyə təşəkkür edirik!” başlıqlı videoçarxlar nümayiş olunub. Musiqili fasilələr zamanı Gənclər Fondunun dəstəyi, “İTicket” və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə layihəsi çərçivəsində ərsəyə gələn Türkiyənin məşhur “Manga” qrupunun solisti Fərman Akgül və Əməkdar Artist Sevda Ələkbərzadənin ifasında “Ulu Vətən” mahnısı səsləndirilib, həmçinin könüllülərin ifasında da eyni mahnı təqdim edilib.

Tədbir könüllülərin həyəcanla gözlədiyi hissə olan ilin ən fəal könüllülərinin elan edilməsi mərasimi ilə davam edib. Dörd fərqli kateqoriya – “Pandemiya dövründə könüllülük”, “Müharibə dövründə könüllülük”, “Sosial könüllülük” və “Ekoloji könüllülük” üzrə “İlin könüllüsü” mükafatı ilə təltif olunan könüllülərin adları məlum olub.

Beynəlxalq Könüllülər Gününə həsr olunan Forumda Azərbaycan Könüllülər Himni təqdim olunaraq, könüllülərə xas kiçik sürpriz edilib. Musiqisi və sözləri gənc müğənni Tofiq Hacıyevə məxsus olan himn elə özünün ifasında da səsləndirilib.

Xatırladaq ki, dekabrın 4-də başlayan Azərbaycan Könüllülərinin III Həmrəylik Forumunun ilk günündə Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar könüllü təşkilatlarının rəhbərləri və könüllülər Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin məzarı ziyarət ediblər. Azərbaycan könüllülərinin vahid portalı olan konullu.az elektron portalının onlayn formatda təqdimatı da keçirilib.