Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 451 nömrəli 2020-ci il 19 noyabr tarixli qərarına əsasən elan olunan xüsusi karantin rejiminin Qazax, İsmayıllı və Tovuz rayonlarının ayrı-ayrı sakinləri tərəfindən pozulması halları müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a daxil olan müraciətdə qeyd edilib ki, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu, İsmayıllı rayon sakini Ziliyev Vüqar Təşkilat oğlu və Tovuz rayon sakini Verdiyev Rufan İlham oğlu COVID-19 virusu ilə bağlı verdikləri testlərin nəticələrinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 4-də yaşadıqları evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıblar.

Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Cinayət işləri istintaqın aparılması üçün aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilib.
Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.