İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı (RTQ) ilə Argentinanın “UAB Ramchos”, “Proargex” və “Gemaco Group” şirkətlərinin nümayəndələri arasında onlayn konfrans keçirilib.

İİTKM-dən Elitinfo.az-a bildirilib ki, konfransda “Azexport” portalı və RTQ-nin rəhbərləri Ayxan Qədəşov və Məsumə Talıbova Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaradılan əlverişli biznes mühiti barədə xarici şirkətlərin nümayəndələrinə məlumatlar veriblər. Qeyd olunub ki, “Azexport” portalı qısa zaman ərzində böyük uğurlar əldə edib və sahibkarlar üçün yeni, eləcə də innovativ imkanlar yaradıb. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə onlayn rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi üçün yaradılıb.

Konfransda RTQ tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə elektron və mobil-rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edə biləcəkləri qeyd olunub.

Argentina şirkətlərinin nümayəndəsi Jose Sabaliauskas isə Azərbaycanda yerli və xarici investorlara biznes üçün əlverişli mühitin yaradılmasından öz məmnunluğunu ifadə edib. O, bu imkanların Amerika-Asiya ticarət əlaqələrinin dayanıqlı və təhlükəsiz təşkili və tərəflər arasında təchizat zəncirinin təkmilləşdirilməsində müsbət rol oynayacağını bildirib.

Bununla yanaşı, J.Sabaliauskas təmsil etdiyi şirkətlərin Azərbaycanın coğrafi mövqeyindən və biznes üçün yaradılan imkanlardan istifadə edərək müəyyən kənd təsərrüfatı mallarının “Azexport” portalı vasitəsilə Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və digər region ölkələrinə ixracının həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Müzakirələrin yekununda “Azexport” portalı və RTQ-nin Argentina sahibkarlarına onlayn formada təqdim olunmasına dair razılıq əldə edilib.