Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Fransa Senatının Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qərəzli qətnamə barədə Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı barədə məlumat yayıb.
Elitinfo.az xəbər verir ki, agentliyin bildirdiyinə görə, noyabrın 26-da qəbul edilən bəyanatda Milli Məclis Fransa senatı tərəfindən “Dağlıq Qarabağ respublikası” adlı qondara qurumun tanınması zərurətinin irəli sürülməsini kəskin tənqid edib.
Bəyanatdan gətirilmiş sitatda deyilir: “Fransa senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır”.
Sənəddə vurğulanır ki, dünyanın heç bir ölkəsi qondarma “respublika”nı tanımayıb və belə bir qətnamənin qəbulu ciddi problemlərə səbəb ola bilər. Qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun “Şərq Tərəfdaşlığı” proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır.
Məlumatda Azərbaycan parlamenti adından qeyd edilir ki, təqribən 30 ilə yaxın bir dövrdə davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəbləri sırasında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olub.
Yazıda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə 1992-ci ildə münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupu barədə də məlumat verilir. Bildirilir ki, 28 ildə keçirilmiş çoxsaylı görüşlər və aparılmış müzakirələr heç bir nəticə verməyib.
Milli Məclisin qəbul etdiyi bəyanata əsasən qeyd edilir ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı sənəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı, həmçinin Cənubi Qafqaz bölgəsinin gələcək inkişafı üçün yol açıb.
Bəyanata istinadla bildirilir ki, sülh razılaşması beynəlxalq hüququn normalarının və prinsiplərinin üstünlüyünü bərqərar edib.