Noyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağdakı qondarma rejimin tanınması ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti kobud şəkildə təhrif olunub. Bu qərəzli qətnamənin qəbulu Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə kölgə salmaq məqsədi daşıyır.
Elitinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə bağlı bəyanat verməyi özünə borc hesab edir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Fransa 1994-cü ildən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi iştirak edir. Azadlıq və demokratiyadan danışan bu ölkə heç vaxt işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb, qərəzli mövqe nümayiş etdirib. Cənubi Qafqazda və bütün dünyada sülh və təhlükəsizliyə hədə olan Ermənistanın dəstəklənməsi yolverilməzdir.
Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır və ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini qəbul edir. Onun sözlərinə görə, bunu qonşu ölkələr olan Rusiya və Türkiyə də dəstəkləyir. Xalqımız bundan sonra da Azərbaycan Prezidentinin ətrafına sıx birləşərək öz ərazi bütövlüyü uğrunda sonadək mübarizə aparacaq.